Azərbaycan Respublikası ərazisinə idxal olunan yüngül minik vasitələri haqqında məlumat
Ölkə ərazisinə gətirmək istədiyiniz avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi zamanı anlaşılmazlıqların baş verməməsi məqsədilə həmin avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğun olmasını müəyyən etmək üçün ətraflı məlumatların (zavod buraxılış tarixi, markası, şassi nömrəsi, rəngi və s. ) qabaqcadan Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə təqdim edilməsi tələb olunur.
Avtomobil Gömrük Ödənişlərinin Hesablanması
Vətəndaşların nəzərinə!
Azərbaycan Respublikasının gömrük ərazisinə mal qismində gətirilən nəqliyyat vasitələrinin bəyannaməçi tərəfindən gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə), Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununa, həmçinin Azərbaycan Respublikasının qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçirilir.
Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.
Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır.